Hadisələr
“Tələbə taqımı” kitabının təqdimatı
14.01.2019
14 yanvar 2019 ci il tarixində, Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda Yazıcı və CPC əməkdaşı (Keyfiyyətə nəzarət üzrə nəzarətçi) Etibar Muradxanlının “Tələbə taqımı” kitabının təqdimatı keçirildi. Mərasimdə yazıçılar Seyran Səxavət, İlqar Fəhmi, Elçin İsgəndərzadə, şairlər Qulu Ağsəs, Balayar Sadiq, Fərqanə Mehdiyeva, Həyat Şəmi, tənqidçilər Vaqif Yusifli, Əsəd Cahangir, müəllifin dostları və oxucular iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan İlqar Fəhmi bildirib ki, “Tələbə taqımı” romanının hamımız üçün ağrılı olan bir məsələdən – Qarabağ hadisələrindən bəhs etməsi əsəri daha da əhəmiyyətli edir. O, bu mövzulu əsərlərin tez-tez yazılmasının çox vacib olduğunu diqqətə çatdırıb.
Daha sonra çıxış üçün söz alan Əsəd Cahangir vətənpərvərlikdən bəhs edən bir romanın təqdimatında himni dinləməyin mühüm olduğunu deyib və “Natəvan” klubunda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Himndən sonra Əsəd Cahangir romanın bədii keyfiyyətlərindən danışıb.
Əsərin müəllifi Etibar Muradxanlı çıxışında mərasimə gələn hər kəsə təşəkkür edib və qeyd edib ki, əsərinin qəhrəmanları olan keçmiş döyüşçülər hazırda dairəvi masa arxasında əyləşiblər. Daha sonra o, həmin şəxsləri təqdim edib.
Əsəd Cahangir yenidən söz alaraq vurğulayıb ki, AYB tarixində misli görünməmiş bir mərasimə şahidlik edir:
“Mən ilk dəfədir belə tədbir görürəm. Müəllif öz əsərinin qəhrəmanları ilə birlikdə eyni masa arxasında əyləşib. Bu, unikal bir təqdimat mərasimidir”.
Tanınmış tənqidçi Vaqif Yusifli “Tələbə taqımı” romanındakı müsbət məqamlara diqqət çəkməklə yanaşı, tənqidi fikirlərini də deyib.
Yazıçı, şair Elçin İsgəndərzadə isə Qarabağ, Şuşa ağrısından danışıb və sözügedən əsərin onun üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Mərasim digər iştirakçıların çıxışları ilə davam edib.
Yazıcı Etibar Muradxanlı kitabın nəşrində göstərdiyi dəstəyə görə "Caspian Pipe Coatings" MMC-nin Direktoru Azər N. İsayevə və müəssisə kollektivinə təşəkkürünü bildirib.