Hadisələr
Bakıda 22-ci Beynəlxalq “Xəzər Neft və Qaz-2015” Sərgisi keçirilmişdir
02.06.2015
2 iyun tarixində Bakı Ekspo Mərkəzində Xəzəryanı regionda energetika sektorunun ən iri tədbiri - 22-ci Azərbaycan Beynəlxalq “Xəzər Neft və Qaz” (“Caspian Oil and Gas 2015”) sərgi və konfransı keçirildi. Artıq 22 ildir ki, bu sərgi və konfrans regionda neft-qaz sənayesinin əsas təmayüllərini müəyyən edir.
Sərginin rəsmi açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirak etməsi bu tədbirin yüksək statusunu daha da möhkəmləndirdi. Ənənəvi olaraq, tədbirin təntənəli açılış mərasiminə rəhbərlik edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Xəzər regionunda energetika sektoru üzrə ən böyük tədbirin iştirakçı, qonaq və təşkilatçılarını təbrik etdi. Ölkə başçısı sərgi və konfransın açılış mərasimində çıxış edərək neft-qaz hasilatı sənayesi, XXI əsrin müasir müqavilələri, habelə reallaşdırılmış dünya miqyaslı sənaye layihələrinin əhəmiyyətini vurğuladı və Beynəlxalq “Caspian Oil and Gas” sərgisinin təşkilatçılarına bu istiqamətdə tükənməz əmək sərf etdiklərinə və sərgi layihəsini daim yaxşılaşdırmağa çalışdıqlarına görə təşəkkür etdi.Sərgi üzrə təşkil olunan və Prezident İlham Əliyevin başçılıq etdiyi “VIP”-tur çərçivəsində, ölkə başçısı müxtəlif ölkələrin milli stendlərini ziyarət etdi.
Bu il sərgidə dünyanın 27 ölkəsini təmsil edən 315 şirkət iştirak edirdi və bu şirkətlərin 80%-i dünya miqyasında tanınan şirkətlərdir. Hər il “Caspian Oil and Gas” sərgisinin tərkibinə yeni iştirakçılar daxil olur. Bu şirkətlərin coğrafiyası Azərbaycan, Malayziya, Çexiya və digər ölkələri əhatə edir. Azərbaycanda keçirilən sərgidə ilk dəfə olaraq Çexiyanın neft-qaz sənayesi üzrə 25 şirkətinin təmsil olunduğu Çexiyanın milli pavilyonu təqdim olundu. İtaliyanın milli pavilyonu da sərgidə ilk dəfə iştirak edirdi.
Ənənəvi olaraq SOCAR-ın baş sponsor və BP-nin qızıl sponsor qismində iştirak etdiyi “Caspian Oil & Gas 2015” sərgisinin digər sponsorları arasında “Caspian Pipe Coatings” (CPC) MMC də öz əsas yerini tutmuşdu.
"Caspian Pipe Coatings" (CPC) MMC Bakı Expo-nun 1-ci Zalında yerləşən yeni görünüşlü sərgi stendi təqdim etdi. Bu il CPC "Bredero Shaw " şirkəti ilə birgə iştirak edirdi. Sərgi stendi müəssisənin imkanları və potensialını əyani şəkildə nümayiş etdirirdi. Bu sərgi üçün xüsusi hazırlanmış korporativ video çarx şirkətin tarixini, göstərilən xidmətlərin əsas növlərini və şirkətin 13 il ərzində əldə etdiyi nailiyyətlərini və uğurlarını əks etdirirdi.
Ənənəvi olaraq CPC-nin sərgidə iştirakının səmərəliyinin artırılması məqsədilə müəssisənin bir çox departamenlərinin və şirkətin alt təşkilatlarının əməkdaşları sərgiyə cəlb olunmuşdular. Sərginin davam etdiyi 4 gün ərzində CPC-nin stendinə bir sıra xarici və yerli şirkətlərin nümayəndələri və sərgi ziyarətçiləri yaxınlaşmış və müəssisənin əsas fəaliyyət göstərdiyi sahələr haqqında dolğun məlumat almışdırlar.
3 iyun tarixində Baku Expo Mərkəzində “Caspian Oil and Gas 2015” sərgisinin açılışı ilə yanaşı keçirilən Konfransda “Caspian Pipe Coatings”(CPC) MMC-ni müəssisənin Direktoru Azər N.İsayev və məsləhətçi Yan Sanders təmsil etmişdir.