Valyuta məzənnəsi: $ 1.7 € 1.8399 ₽ 0.0185 ₺ 0.0526
AZ EN RU

Hadisələr

Caspian Pipe Coatings” MMC şirkəti “Çağdaş şeirlər” kitabının təqdimat mərasimini keçirdi

03.12.2014

“Caspian Pipe Coatings” MMC (CPC) şirkəti 3 dekabr 2014-cü il tarixində Azərbaycan Yazıçılar Birliyində “Çağdaş şeirlər” kitabının təqdimat mərasimini keçirdi. CPC ilə “Spase” Teleradio Şirkətinin birgə təşəbbüsü ilə keçirilmiş şeir müsabiqəsi çərçivəsində 2011-ci ilin aprel ayından 2012-ci ilin mart ayına qədər “Spase” radio kanalında yayımlanan “Düşüncələr” verilişində hər ay qalib gəlmiş müəlliflərin şeirləri bu kitabda öz əksini tapmışdır.

Bu Layihənin əsas məqsədi gənclər üçün yeni maraq dairələrini yaratmaq və gənc istedadları aşkar etmək, onların inkişafına hərtərəfli şərait yaratmaq, gələcək inkişaflarını düzgün istiqamətləndirmək, dərin biliyə, yüksək mənəvi keyfiyyətlərə malik, vətənpərvər gənclər yetişdirmək, gəncləri qondarma şou-biznesin mənfi təsirindən uzaq tutmaq və sosial yönümlü layihələrin sayını çoxaltmaqdır.

Tədbirdə CPC şirkətinin Direktoru Azər N. İsayev və şirkətin əməkdaşları, “Space” radiosunun baş redaktoru Əhməd Əsgər, “Düşüncələr” verilişinin aparıcısı Azad Ağarəzioğlu, müsabiqənin aylar üzrə qalibləri olan Günel Şamilqızı, Şahin Axundov, Vasif Əlihüseyn, Firudin Tağıyevin atası, Yusif Məhəmmədoğlu və müsabiqənin qalibi Günel Rüstəmli və bu sahəyə maraq göstərən digər şəxslər iştirak etmişlər.

Yeni layihənin icrası ərəfəsində olan CPC şirkətinin rəhbəri bildirdi ki, sosial məsuliyyət prinsiplərinə böyük önəm verən CPC şirkətinin bu cür tədbirlərin keçirilməsində əsas məqsədi Azərbaycan mədəniyyətini, ədəbiyyatını və milli dəyərləri inkişaf etdirmək, ana dilimizin təbliğinə töhfə vermək və azərbaycançılıq ideologiyasının inkişafı istiqamətində görülən işlərə dəstək verməkdir. O, əlavə etdi ki, bu sahəyə maraq göstərən insanların sayının məhdud olduğunu nəzərə alsaq, bu istiqamətdə hələ çox iş görülməlidir. “Space” radiosunun baş redaktoru Əhməd Əsgər, “Düşüncələr” verilişinin aparıcısı Azad Ağarəzioğlu və müsabiqə qalibləri CPC şirkəti tərəfindən bu istiqamətdə görülən işi yüksək qiymətləndirdi və dilimizin və ədəbiyyatımızın inkişafına verdiyi töhfəyə görə şirkət rəhbərliyinə və əməkdaşlarına təşəkkür etdilər. Tədbir iştirakçıları həmçinin, Azərbaycan Yazıçılar Birliyinin sabiq mətbuat katibi, mərhum Ədalət Əsgəroğlunu yad etdilər və onun bu sahədə gördüyü işi və sərf etdiyi əməyi yüksək qiymətləndirdilər.

Tədbirin sonunda CPC şirkətinin rəhbəri müsabiqə iştirakçılarına, münsiflər heyətinə, Azərbaycan Yazıçılar Birliyinə və CPC şirkətinin əməkdaşlarına bu layihədə iştirak etdiklərinə və layihənin həyata keçirilməsinə dəstək verdiklərinə görə təşəkkür etdi. Bundan sonra, tədbir iştirakçılarına “Çağdaş şeirlər” kitabı təqdim edildi, müsabiqənin qaliblərinə və münsiflər heyətinin üzvlərinə hədiyyələr verildi. Müsabiqənin qalibi olan Günel Rüstəmliyə “Çağdaş şeirlər” kitabının elektron versiyasının yükləndiyi xüsusi elektron oxuma cihazı hədiyyə edildi və ona yaradıcılıq fəaliyyətində müvəffəqiyyətlər arzu edildi. Sonda xatirə şəkli çəkdirildi.

Qalereya