Xəbərlər
CPC fəaliyyətini bərpa edir
İki ildən artıq fəaliyyət fasiləsindən sonra CPC yeni layihə qazanaraq fəaliyyətini rəsmi şəkildə bərpa etmişdir. Bu çərçivədə sifarişçi təşkilatın və SOCAR tərəfindən müəyyən olunmuş işçi qrupunun yüksək səviyyəli rəhbər nümayəndələri ilə müəssisəmizdə görüş keçirilmişdir.
Səfər zamanı fəaliyyət fasiləsi dövründə müəssisədə görülmüş işlər barədə məlumat verilmiş, zavodun mövcud texniki vəziyyəti, istehsal imkanları və qarşıdan gələn layihə üzrə ümumi əməliyyat hazırlıq planı təqdim olunmuşdur.
Təqdim olunan hazırlıq planı çərçivəsində beton örtükləmə xəttində aparılacaq təmir-bərpa və texniki xidmət işləri, laboratoriya avadanlıqlarının yoxlanılması və kalibrlənməsi, eləcə də sahədə mövcud olan texnikaların texniki baxışı, sazlanması və istismara hazırlıq vəziyyətinə gətirilməsi üzrə nəzərdə tutulan tədbirlər diqqətə çatdırılmışdır. Qeyd olunmuşdur ki, bu tədbirlərin vaxtında icrası zavodun tələb olunan tarixə tam işlək vəziyyətə gətirilməsini təmin edəcəkdir.
Qeyd olunan layihə SOCAR-ın “Azneft” İstehsalat Birliyinin “Neft Daşları–Çilov–Şah Dili” xətti üzrə nəzərdə tutulmuşdur. Layihə çərçivəsində beton örtüklənəcək boruların diametri 508 mm x 14.3 mm, ümumi uzunluğu isə 26,000 metr təşkil edir. Boruların sifarişçi tərəfindən müəssisəyə çatdırılmasının cari ilin may ayının ortalarına planlaşdırıldığı bildirilmişdir.