Xəbərlər
CPC-də sınaq işləri uğurla tamamlandı və istehsalata hazırlıq təsdiqləndi
SOCAR-ın “Azneft” İstehsalat Birliyinin “Neft Daşları–Çilov–Şah Dili” layihəsinə hazırlıq işləri çərçivəsində CPC-də beton örtükləmə xətti üzrə sınaq işləri uğurla həyata keçirilmişdir.
Sınaq işləri çərçivəsində üç ədəd boru beton örtükləmə prosesindən keçirilmişdir. Bu proses zamanı beton örtükləmə xəttində mövcud olan əsas avadanlıqların, konveyer sisteminin, beton qarışığının hazırlanması və tətbiqi prosesinin, eləcə də istehsal xəttinə aid digər əməliyyat mərhələlərinin iş prinsipi yoxlanılmışdır. Borular müvafiq texnoloji prosesə uyğun şəkildə hazırlanmış, örtüklənmiş və daha sonra keyfiyyətə nəzarət prosedurları çərçivəsində laboratoriya sınaqlarından keçirilmişdir.
Aparılmış laboratoriya testlərinin nəticələri müsbət olmuş və əldə olunan göstəricilər müəssisənin sözügedən layihənin icrasına hazırlıq səviyyəsinin yüksək olduğunu nümayiş etdirmişdir. Sınaq işlərinin uğurla tamamlanması beton örtükləmə xəttinin funksionallığını, texnoloji proseslərin tətbiq imkanlarını və laboratoriya nəzarət mexanizmlərinin effektivliyini təsdiqləmişdir.
Hazırda zavod ərazisində müəyyən tamamlayıcı və son tənzimləmə işləri davam etdirilir. Bununla belə, mövcud mərhələdə qeyd etmək olar ki, müəssisə əsas istehsal prosesinin başlanması üçün işlək vəziyyətə gətirilmişdir. Beton örtükləmə xətti, laboratoriya və sahə üzrə texniki avadanlıqların yoxlanılması, sazlanması və istehsalata hazırlıq vəziyyətinə gətirilməsi istiqamətində görülən işlər layihənin növbəti mərhələsinə keçid üçün mühüm əsas yaratmışdır.
Layihə çərçivəsində ümumi uzunluğu 26,000 metr təşkil edən təxminən 2,300 ədəd borunun beton örtüklənməsi nəzərdə tutulur. Boruların sifarişçi tərəfindən müəssisənin sahəsinə daxil olmasının cari ilin may ayı ərzində həyata keçirilməsi gözlənilir. İstehsal prosesinin iki ay müddətində tamamlanması, daha sonra isə beton örtüklənmiş boruların CPC limanından təyinat məntəqəsinə göndərilməsi planlaşdırılır.
Qeyd olunan istehsal prosesinə iyun ayının birinci həftəsində başlanılması nəzərdə tutulur. Bu mərhələyə qədər həyata keçirilmiş hazırlıq, texniki yoxlama, sınaq və laboratoriya işləri layihənin vaxtında və keyfiyyətlə icrasına zəmin yaradır.
Görülən işlərin uğurla tamamlanmasında əməyi olan bütün CPC komandasına təşəkkür edirik. Komandanın peşəkarlığı, operativ yanaşması və koordinasiyalı fəaliyyəti müəssisənin qısa müddət ərzində yenidən istehsal prosesinə hazırlanmasında mühüm rol oynamışdır.